Oxunma sayı: 61

"Bağa girəndə onun ağa bükülmüş meyitini gördüm" - Aygün Bəylərin qardaşı

Əməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, onun qardaşı Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Aygün Bəylərin qardaşı Abbas Hümmətov ifadə verib.
 
O qeyd edib ki, Elnur Əsirov ilə birlikdə internet klub işlədib, Ramil Əsirov ilə uşaqlıq dostu olub: "Elmir mənə narkotik əkməyi təklif etdi.  Mən də narkotik istifadəçisi olmuşam. Narkotik əldə etmək çətin məsələ idi. Buna görə də narkotik vasitə əkmək barədə razılığa gəldim. Cavid narkotik əkmək üçün ev təşkil elədi. Həmin evə baxdıq, evin şəraiti yaxşı deyildi.  Evi təmir edəndən sonra orada narkotik əkməyə başladıq".
 
Əməkdar artistin qardaşı qətl törədilən gündən danışıb: "Hadisə baş verən gün Elmir mənə zəng elədi, bağa getmək lazım olduğunu söylədi. Yolüstü Fuad və Elmiri götürəndən sonra bağa getdik.  Bağa girəndə ortalıqda Elnurun ağa bükülmüş meyitini gördüm. Elnurun qətlə yetirilməsindən pis oldum. Qohumum olduğu üçün orada qala bilmədim və oradan çıxaraq evə getdim.  Səhəri gün Elnurun meyitini bağda basdırdıqlarını bildim, bu barədə heç kimə heç nə deməməyimi məsləhət bildilər".
 
Dövlət ittihamçısının suallarını cavablandıran Abbas Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləməyib. O qeyd edib ki, istintaqda ona işgəncə veriblər. Təqsirləndirilən şəxs bildirib ki,  Elnurun qətlə yetirilməsindən, kimin tərəfindən öldürülməsindən xəbəri olmayıb. O həmçinin deyib ki, narkotik vasitəni satmaq üçün yox, şəxsi istifadə etmək üçün əkiblər:
 
Abbas Hüseynovun istintaqa verdiyi ifadə elan edilib.
 
O, istintaqa ifadəsində bildirib ki, 2013-cü ildə taksi fəaliyyəti ilə məşğul olub. Tanışları Fuad Məmmədzadə, Cavid Alxazov, Elmir Alxazov, Ramil Əsirov və Elnur Əsirovla Qala qəsəbəsində yaşayıb dostluq ediblər: "Marixuana əkib-becərən tanışlarımı evlərinə taksi ilə aparmışam. Buna görə onlar pul əvəzinə mənə çəkməyə marixuana veriblər”.
 
Abbas Hümmətovun ifadəsinə görə, 2013-cü il iyun ayının əvvəllərində Fuad Elnur Hümmətovun əkilmiş narkotik vasitəni oğurlamaq istədiyini və ya bu barədə polisə məlumat verəcəyini deyib: "Fuad Elnurun bu hərəkətinin qarşısını almaq lazım gəldiyini, buna görə də Elnuru öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək deyil, sadəcə əl-qolunu bağlayaraq hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm və Cavidin Qala qəsəbəsindəki evinə gətirdim. Evə daxil olan kimi Fuad məni skoç almağa göndərdi. Qala qəsəbəsindəki mağazadan skoç alıb geri qayıtdım. Evə gəldikdə Fuadla Elmirin Elnur Hümmətovu öldürdüklərini, meyitini zibil torbalarına bükdüklərini gördüm. Yapışqanlı lenti onlara verdikdən sonra orada dayana bilmədim, birbaşa evimizə gəldim. Axşam Fuad mənə zəng edərək bağa çağırdı. Gecə bağa gəldikdə artıq meyitin basdırılaraq üstünə beton töküldüyünü gördüm. Fuad yorulduqları üçün meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bellə ətrafa səpələməyi mənə tapşırdı. Mən də qalaqlanmış torpağı həyətə yaydım. Fuad mənə dedi ki, hadisəni kiməsə danışsam, sonum belə olacaq. Mən də qorxudan heç kimə bu barədə deməmişəm”.
 
Abbas Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib: "Qətlin baş verməsini görməsəm də, meyiti gördüm. Öldürülən qohumum idi. Meyitini ortalıqda görəndə özümü pis hiss elədim. Əmim nəvəsini nəyə öldürdüklərini söylədim.  Ölən də qohum idi, öldürən də. Çıxılmaz vəziyyətdə qaldım. Buna görə də qətl hadisəsi barədə heç kimə heç nə demədim".
 
Abbas Hüseynovdan sonra təqsirləndirilən şəxslərdən Ramin Əsirov ifadə verib. O, narkotik vasitələrin əkilməsindən, həmin narkotik vasitələr əkilən evdə mərhum Elnurla birlikdə mühafizəçi qalmaqlarından danışıb. O da istintaqa verdiyi ifadəni təsdiqləməyib.
 
Növbəti proses iyulun 6-da davam edəcək.    
 
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
 
Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi "VAZ-210” markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.
 
Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.
 
Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.
 
Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.
 
Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.
 
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.
 
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
 
///lent.az
DİGƏR XƏBƏRLƏR